Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edəcək. Saat 18:00-da start götürəcək matçın baş hakimi Cavid Cəlilov olacaq.
İlk dörd turdan sonra maksimum nəticə göstərən “qartallar” turnir cədvəlinin zirvəsində qərarlaşıb. Xalı olmayan “qırmızı-qaralar” isə sonuncu pillədə yer alıblar.
Komandalar indiyədək ölkə çempionatında 31 dəfə üz-üzə gəliblər. Bunların 11-də bölgə təmsilçisi, 6-da isə Bakı klubu qələbə qazanıb. 14 qarşılaşma isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “Qəbələ”nin üstünlüyü nəzərə çarpır - 38:27.
Elmar Baxşıyevin baş məşqçi olduğu komanda son 5 görüşdə qol vurub. “Zirə” ardıcıl 13 səfər qarşılaşmasında qalib gəlməyib.
Günün son oyununda isə “Neftçi” Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. Rauf Allahverdiyevin idarə edəcəyi görüş saat 20:30-da başlayacaq.
Üç oyundan yeddi xal toplayan “gənclik şəhəri” təmsilçisi üçüncü sırada yer alıb. Rəqibindən iki xal az yığan “ağ-qaralar” isə beşincidir.
Bu, iki kollektivin Premyer Liqada öz aralarında 44-cü dueli olacaq. Əvvəlki 43 matçın 12-si “Sumqayıt”ın, 22-si isə “Neftçi”nin xeyrinə başa çatıb. Paytaxt təmsilçisi vurulan qolların sayında da rəqibini üstələyir - 69:46.
“Neftçi” son 6 oyunda qol vurub. “Sumqayıt” isə son 9 matçda qalib gəlməyib.
Azərbaycan Premyer Liqası
V tur
2 sentyabr (şənbə)
18:00. “Qəbələ” - “Zirə”
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu.
20:30. “Sumqayıt” - “Neftçi”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Kapital Bank Arena”.