CƏMİYYƏT
Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür VİDEO
Bakı, 11 fevral (AZƏRTAC). Fevralın 11-də dünyanın əksər ölkələrində Beynəlxalq Təhlükəsiz İnternet Günü (İnternational Safer Internet Day) qeyd olunur. Bu il bayram “Pozitiv interneti birlikdə yaradaq” devizi ilə keçirilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda 110-dan çox ölkədə qeyd edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü 2004-cü ildə Avropa Komissiyasının “Təhlükəsiz internet” proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi (European Safer Internet Network) tərəfindən təsis olunmuşdur.
Bu ərəfədə 2013-cü ildə yaradılan Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzi (EC3 – European Cybercrime Centre) fəaliyyətinin ilk ilinin yekunlarını açıqlamışdır. Bildirilmişdir ki, mərkəz tərəfindən internetdə fırıldaqçılığa, maliyyə saytlarına müdaxiləyə və uşaq pornoqrafiyasının yayılmasına qarşı 19 böyük əməliyyat keçirilmişdir. Təşkilat rəhbəri Truls Ertinqin dediyinə görə, onun rəhbərlik etdiyi qurum Avropa İttifaqının hüquq-mühafizə orqanlarına transsərhəd kibercinayətlərin qarşısını almaqda və araşdırılmasında yardımçı olmuşdur.
Bu yaxınlarda keçirilən sorğunun nəticələrinə əsasən, Avropa internet istifadəçilərinin 12 faizi sosial şəbəkə və ya elektron poçtlarının hesablarının sındırılmasının, 7 faizi internetdə kredit kartlarından və ya bank hesablarından pul vəsaitlərinin oğurlanmasının qurbanı olduğunu bildirmişlər.
Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının alınmasından ibarətdir. Hazırda təşkilatın fəaliyyəti internetdə üç cinayət növünə - onlayn mütəşəkkil fırıldaqçılığa, uşaq pornoqrafiyasının yayılmasına və əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumlara qarşı mübarizəyə yönəlmişdir.
Mərkəzin hesabatında deyilir ki, hazırda dünyada 2,5 milyard insan internet istifadəçisidir və yaxın dörd ildə onların sırasına daha 500 milyon istifadəçi qoşulacaqdır.