REGİONLAR
Bu ilin 7 ayı ərzində 34 rayon üzrə 140 yaşayış məntəqəsi qazlaşdırılıb
Qax, 31 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin 7 ayı ərzində respublikamızda 34 rayon üzrə 140 yaşayış məntəqəsi qazlaşdırılaraq əhali təbii qazla təmin olunub. Hazırda 43 rayonun 253 yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi, təmir-quraşdırma işləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi İbrahim Kərbalayev məlumat verib.
Qurumun təmsilçisinin bildirdiyinə görə, Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi ölkənin qaz təchizatının yaxşılaşdırılması, şəhər, qəsəbə və kəndlərin qazlaşdırılması istiqamətində intensiv iş aparır. Uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
İbrahim Kərbalayev bildirib ki, artıq Qax rayonunun Qıpçaq kəndinə də təbii qazın verilməsi təmin olunub. Yaxın vaxtlarda rayonun daha üç kəndinə “mavi yanacaq” veriləcək.