Bu ilin ilk doqquz ayında Lənkəranda 460 yeni iş yeri açılıb
Lənkəran, 6 noyabr, Bağır Əliyev, AZƏRTAC
Bu ilin ilk doqquz ayında Lənkəran rayonunda iqtisadi fəal əhalinin sayı 118 min 621 nəfər olub. Onlardan 110 min 504 nəfərini məşğul əhali təşkil edib.
Bu müddətdə rayonda muzdla işləyənlərin sayı 23 min 044 nəfər olub. Bunun 13 min 616 nəfəri dövlət sektorunda, 9428 nəfəri isə qeyri-dövlət sektorunda işləyənlərdir.
Bu barədə Lənkəran Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 19,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,7 faizi emal sənayesində, 3,4 faizi tikintidə, 5,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 0,1 faizi mədənçıxarma sənayesində, 0,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olublar.
Xidmət sahəsində işləyənlərin 29,5 faizi təhsil, 24,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 10,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi istirahət, əyləncə və incəsənət, 1,2 faizi peşə, elmi və texniki fəaliyyət, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,2 faizi informasiya və rabitə, 1,0 faizi maliyyə və sığorta fəaliyyəti, 1,2 faizi yaşayışın təşkili və ictimai iaşə, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində işləyənlərdir.
Doqquz ayda Lənkəranda 460 yeni iş yeri açılıb, bunun 194-ü daimi iş yerləridir. Daimi iş yerlərindən 124-ü və ya 63,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 70-i, yaxud 36,1 faizi mövcud və fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda açılıb.