Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir
Bakı, 13 oktyabr, AZƏRTAC
Dünya ölkələri və xalqları pandemiyaya qarşı mübarizəni davam etdirir. Müşahidə olunan tendensiyalar mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Təbii ki, bu prosesdə hər bir vətəndaş sosial məsuliyyət daşıyır. Xüsusilə, vaksinasiyada iştirak vətəndaş məsuliyyətinin əsas göstəricisidir. Dünyada “vaksin millətçiliyi”, eləcə də vaksinin əlçatanlığında müşahidə olunan çətinliklərə rəğmən bu gün ölkəmizdə əhalinin 4 növ vaksin seçimi var. “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib. Mütəxəssislər də israrla bildirirlər ki, bu vaksinlərin hər biri effektiv və təhlükəsizdir. Bu gün isə dünyada müşahidə olunan tendensiya onu göstərir ki, pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər.
Bunu AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat qeyd edib ki, COVID-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilərlər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Bu isə hər bir vətəndaşdan məsələyə daha ciddi yanaşmanı tələb edir. Bu gün mütəxəssislər vaksinin qüvvətləndirici üçüncü - buster dozasının əhəmiyyəti barədə də artıq ictimaiyyətə məlumat veriblər. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Çünki hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştamlarına yoluxma riski var.
K.Nurullayeva diqqətə çatdırıb ki, yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini təsdiqləyir. Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Təbii ki, ilk növbədə yüksək risk qrupuna daxil olunan insanlar - tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər üçün 3-cü doza məqsədəuyğun hesab olunur və bu kateqoriya insanlar üçün əhəmiyyəti daha çoxdur: “Beynəlxalq təcrübəyə diqqət yetirsək, müxtəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılıb. Tibb mütəxəssisləri də bildirirlər ki, üçüncü doza virusla mübarizə aparan anticisimləri əvvəlki dozalardan üç dəfə artıq gücləndirir. İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir.
Deputatın sözlərinə görə, ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Təsadüfi deyil ki, buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb.
K.Nurullayeva deyib: “delta” ştamına nəzərən təcrübə də göstərir ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər. Bu mənada vətəndaşlar peyvəndin sayından daha çox, onun nəticəsinə, özünün, yaxınlarının, bütövlükdə cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına daha çox önəm verməlidir. Yalnız belə olan halda biz bu qlobal bəladan xilas ola bilərik”.