Cari ildə Qaxda turizmin inkişafı istiqamətində mühüm işlər görülmüşdür
Qax, 23 dekabr (AZƏRTAC). Qax rayonunun İlisu kəndi ərazisində yerləşən “Yaşıl park” turizm və istirahət mərkəzində 2011-ci il turizm mövsümünün başa çatması münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi, Qaxda fəaliyyət göstərən turizm mərkəzlərinin, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Qax rayonunun turizm potensialını əks etdirən sərgi ilə tanış olmuşlar.
Tədbiri rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov açaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Turizm ili” elan edilmiş 2011-ci ilin rayonun turizm sektoru üçün çox uğurlu keçdiyini bildirmiş, il ərzində rayonda bu sahənin inkişafı ilə bağlı görülmüş işlər barədə danışmışdır. Bildirmişdir ki, cari ilin ən əlamətdar hadisəsi rayonda beşulduzlu “El Resort” turizm obyektinin açılışı olmuşdur. Prezident İlham Əliyevin noyabrın 17-də Qax rayonuna səfəri zamanı açılan bu mərkəz rayonda ilk ulduzlu oteldir. Dünya standartlarına cavab verən, yüksək xidmət növləri və səviyyəsi ilə seçilən bu obyekt rayona gələn turistlərin sayının daha da artmasına imkan verəcəkdir.
Şöbə müdiri bildirmişdir ki, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın qarşıya qoyduğu tələblərdən biri də kənd yaşıl turizmini inkişaf etdirməklə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına nail olmaqdır. Artıq bu istiqamətdə də bir sıra işlər görülmüşdür. Gələcəkdə rayon əhalisi turizmin bu növündən yalnız turizm mövsümündə, yay aylarında deyil, digər fəsillərdə də bəhrələnə biləcəkdir.
Diqqətə çatdırılmışdır ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Viktoriya Şeib” təşkilatı bu günlərdə rayonda olmuş, “Yaşıl park”, “Ulu dağ” turizm istirahət mərkəzləri və “İlisu” pansionatı ilə müvafiq müqavilələr bağlanılmışdır.
Qeyd olunmuşdur ki, Qax rayonunda əsasən kənd yaşıl, müalicə və istirahət turizmi daha geniş yayılmışdır. Rayonda mövsümi ovçuluq, atçılıq, dağ, qış və digər turizm növlərinin yaradılması üçün də münbit şərait vardır. Hazırda rayonda 10 turizm obyekti fəaliyyət göstərir. Turizm obyektlərində yerlərin sayı 600-ə çatdırılmışdır. Rayona gələn turistlərin sayı da ildən-ilə artır. Əgər 2009-cu ildə turizm obyektlərində 4 min turist istirahət etmişdisə, 2010-cu ildə rayona gələn turistlərin sayı 10 minə, 2011-ci ildə isə 15 minə çatmışdır.
Tədbirin sonunda “Turizm ili”ndə fərqlənən turizm mərkəzlərinin rəhbərlərinə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Tədbir bədii proqramla başa çatmışdır.