Cari ildə QHT-lərin mədəniyyət sahəsi ilə bağlı 7 layihəsi qalib elan edilib
Balakən, 22 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu il qeyri-hökumət təşkilatları tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmuş 86 layihədən 7-si qalib elan edilib. Bu layihələrin icrası ilə bağlı vaxtaşırı olaraq ictimaiyyətə məlumat verilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev Balakəndə jurnalistlərə müsahibəsində deyib.
Mədəniyyət və Turizm Nazirliyinin strukturunda son dövrlər aparılan islahatlar barədə məlumat verən qurumun rəsmisi bu islahatların nəticəsi olaraq nazirlikdə ictimaiyyətlə əlaqələr şöbəsinin və həmin şöbənin nəzdində qeyri-hökumət təşkilatları ilə iş sektorunun yaradıldığını diqqətə çatdırıb. Bildirilib ki, yeni yaradılan sektorun əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına mədəniyyət sahəsi ilə bağlı layihələrin həyata keçirilməsində kömək göstərməkdir.
Rəşad Əliyev 2016-cı il üçün nəzərdə tutulan layihələrin də hazır olduğunu və artıq nazirliyə təqdim edildiyini vurğulayıb. Bildirilib ki, bu layihələr də komissiya tərəfindən araşdırılır.
Balakəndə “Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu” mövzusunda keçirilən zona görüşündən də danışan qurumun rəsmisi deyib: “Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının bir qismi regionların payına düşür. Zonalarda keçirdiyimiz belə görüşlərin əsas məqsədi region QHT-ləri ilə əməkdaşlığın istiqamətlərini və formalarını müəyyənləşdirməkdən ibarətdir. Bu istiqamətdə ilk tədbirimiz Mingəçevir şəhərində keçirilib. Bu, bizim region QHT-ləri ilə ikinci görüşümüzdür”.