“CASPİAN FİSH CO. AZERBAİJAN” KORPORASİYASI İLƏ TANIŞLIQ
Tacikistan Prezidenti Emoməli Rəhmon ölkəmizə rəsmi səfəri çərçivəsində avqustun 13-də “Caspian Fish Co. Azerbaijan” şirkətində olmuşdur. Burada ayrı-ayrı istehsal sexləri ilə yaxından tanış olan ali qonağa məlumat verildi ki, şirkət müxtəlif çeşiddə yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsullar istehsal edir. Müəssisə 2001-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış və region əhalisinin yüksək keyfiyyətli balıq məhsullarına tələbatını ödəməyə qadirdir.
Burada Xəzər hövzəsindən, Rusiya, Norveç, Atlantik və Sakit okean ölkələrindən idxal edilən xammaldan keyfiyyətli məhsul istehsal olunur. Şirkət yüksək ixtisaslı kadrlara, keyfiyyətli xammala və müasir avadanlığa malikdir. Bütün bunlar məhsulun ekoloji təmizliyini və keyfiyyətini təmin edir. Burada 750 nəfəri dənizdə olmaqla, minə yaxın işçi çalışır. Gündə 300 tona qədər balıq emal etmək imkanına malik olan bu müəssisənin Xəzər regionunda bənzəri yoxdur. İstehsalat kompleksi balıq və kürü emalı, balıq unu və balıq yağı sexlərindən ibarətdir. 30 növ balıqdan 80 adda məhsul istehsal edən bu özəl müəssisənin yaradılması üçün 56 milyon ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Məhsullar daxili və xarici bazara göndərilir.
Prezident Emoməli Rəhmon qara kürünün istehsal edildiyi sexlə də tanış oldu. Bildirildi ki, kürü ixracı üçün bu il Azərbaycana 6 ton 660 kiloqram kvota ayrılmışdır. Yaz mövsümündə kvotanın 50 faizindən istifadə edilmişdir. Məlumat verildi ki, burada istehsal olunan kürü bütün dünya ölkələrinə ixrac olunur.
Korporasiyada Azərbaycanın dövlət müəssisələri ilə əlaqələr üzrə ixtisaslaşmış elmi mərkəz fəaliyyət göstərir. Mərkəzin başlıca məqsədi balıqçılıq sənayesinin monitorinqini keçirmək və ekoloji tələblərə riayət olunmasına nəzarət etməkdir. Şirkət mövcud balıqyetişdirmə təsərrüfatlarının bərpasını və yenilərinin yaradılmasını planlaşdırır.
Tacikistan Prezidenti konfrans zalında şirkətdə istehsal olunan hazır məhsullara baxdı.
Müəssisə ilə tanış olduqdan sonra ali qonağa xatirə hədiyyəsi verildi.