MƏDƏNİYYƏT
Caspian Vogue: Bakı dəbli alış-veriş üçün çox uyğun şəhərdir

Bakı, 7 noyabr, AZƏRTAC
Çox səyahət edən və dəb dünyasındakı ən son yeniliklərdən xəbərdar olan biri kimi deyə bilərəm ki, Bakı dəbli alış-veriş üçün çox uyğun şəhərdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri festivalın saytına məşhur dəb blogeri Aynur Güzel (Caspian Vogue) deyib.
Bloger Bakı Şopinq Festivalındakı qiymətlərin kifayət qədər münasib, geyim çeşidlərinin isə rəngarəng olduğunu söyləyib: “Hər zövqə uyğun alış-veriş üçün istər seçim olaraq, istərsə də qiymət baxımından əlverişli imkan var. Festival mövsümün tam ortasında, yəni heç yerdə endirim olmayan bir vaxtda əla fürsətdir”.
Aynur Güzel qış qarderobunu yeniləyib bitirsə də, qızlarının yeni mövsüm geyimlərini məhz festival müddətində aldığını bildirib. Xanım bloger Bakı Şopinq Festivalının bütün dünyaya səs salacağına ümid edir: “Pozitiv hislər yaşayıram. Bu həm yerli əhali, həm də turizm üçün atılmış ciddi və gözəl addımdır. Fikrimcə, daha güclü tanıtım ilə bu festivalı dünyaya eşitdirməliyik. Bakı Şopinq Festivalı çərçivəsində konsertlər və digər tədbirlər də təşkil olunsa, şopinqi həm də əyləncəli etmək olar. Əlbəttə, davamlı olması sadəcə müsbət hislər doğurar”.