Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə pedaqoji heyətin iştirakı ilə təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Təlim-tədris prosesi haqqında məruzənin dinlənilməsindən sonra pedaqoji fəaliyyət dövründə uğurlar əldə etmiş müəllimlərin həvəsləndirilməsi ilə bağlı əmr diqqətə çatdırılıb. Bir qrup müəllimə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.
Oktyabrın 5-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə “N” hərbi hissədə də Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə hərbi hissənin şəxsi heyəti və hərbi şəhərciyin nəzdində fəaliyyət göstərən Əfqan Qadaşov adına Pirəkəşkül qəsəbə tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Polkovnik Mehman Kərimov çıxış edərək ölkəmizdə təhsilin müasir səviyyədə inkişafından danışıb, dövlət rəhbərliyinin bu vacib sahəyə yüksək qayğı göstərdiyini qeyd edib və birlik komandirinin müəllim kollektivinə ünvanlanmış təbrikini oxuyub.
Sonra ümummilli lider Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müxtəlif dövrlərdə təhsil ocaqlarında müəllim və şagirdlərlə görüşlərini əks etdirən film nümayiş olunub.
Sonra hərbi hissənin rəhbərliyi adından müəllimlərə qiymətli hədiyyələr təqdim olunub.
Tədbir Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifasında maraqlı konsert proqramı ilə davam edib.