Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
Bakı, 23 iyun, AZƏRTAC
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti buraxılışı keçirilib.
Tədbirdə liseyin şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, müəllimlər, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən hərbi liseyin rəisi polkovnik Rüfət Əmirov əlamətdar gün münasibətilə şəxsi heyəti və kursantların yaxınlarını təbrik edib.
Məzunlar adından çıxış edən kursant Nail Qəribov dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, kursant yoldaşları adından Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfi hər zaman uca tutacaqlarına söz verib.
Liseyin müəllimi Sahib Əsədov da məzunlara uğurlar diləyərək onlara Vətənə layiqli zabit olmağı arzulayıb.
Valideynlər adından çıxış edən Musa Həsənov övladının timsalında bütün məzunları təbrik edib, çətin, lakin şərəfli yolda onlara dözümlü, dəyanətli olmalarını tövsiyə edib.
Sonra liseyi fərqlənmə ilə bitirən kursantlar - Mərhəmət Fərəczadəyə, Türkel Hüseynova və Nail Qəribova təhsil rəmzləri təqdim olunub. Həmçinin digər məzunlara da attestat, nişanlar və məzun albomları verilib.
Daha sonra təhsildə birinci olmuş Türkel Hüseynov liseyin yaş kötüyünə 2016-ci il buraxılışının rəmzi xatirə lövhəsini vurub.
Məzunların bayrağı üçüncü kursa təhvil verildikdən sonra kursantlar “Naxçıvanskilər” marşını ifa ediblər.
Gələcəyin zabitləri olacaq gənclər təntənəli marşın sədaları altında tribunanın önündən keçiblər.
Mərasim son zəngin çalınması ilə başa çatıb.