Cenevrədə ESPOO-nun İcraiyyə Komitəsinin iclasında Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia müzakirə olunacaqdır
Bakı, 28 fevral (AZƏRTAC). Azərbaycan Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (ESPOO) katibliyi qarşısında Ermənistanda yeni atom reaktorunun inşası ilə bağlı iddia qaldırmışdır. Mart ayında Cenevrədə keçiriləcək ESPOO-nun İcraiyyə Komitəsinin iclasında konvensiyanın tələblərinə əməl etməyən Ermənistana qarşı qaldırılan iddia da müzakirə olunacaqdır.
Bunu fevralın 28-də AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə demişdir.
Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni atom reaktoru tikməyi planlaşdırdığını deyən R.Səttarzadə bildirmişdir ki, Azərbaycan və Ermənistan ESPOO-nun üzvüdür. Buna görə də Ermənistan qonşu ölkələrə ətraf mühitə təsir ehtimalı ola bilən hər hansı fəaliyyət barədə məlumat verməyə və həmin ölkələri ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinə cəlb etməyə borcludur. Yeni reaktorun inşası ilə bağlı ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi Azərbaycan tərəfinə də təqdim olunmalıdır. Azərbaycan tərəfi də buna rəyini bildirməlidir. Ancaq təəssüf ki, Azərbaycanın qanunamüvafiq şəkildə bütün prosedurlara əməl etməyinə baxmayaraq, Ermənistan tərəfi ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunu konvensiya çərçivəsində aparmayacağını demişdir. Ona görə də Azərbaycan Ermənistanın həmin konvensiyanın tələblərinə riayət etməməsi barədə iddia qaldırmışdır.
Nazirliyin rəsmisi qeyd etmişdir ki, buna cavab olaraq, ESPOO-nun katibliyi qarşısında Azərbaycanda həyata keçirilən iri neft layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesində iştirak etməməsi barədə Ermənistanın qaldırdığı iddia tamamilə əsassızdır.
Neft layihələrinin əksəriyyətinin Xəzər dənizində, o cümlədən Abşeron yarımadasında həyata keçirildiyini söyləyən R.Səttarzadə bildirmişdir ki, bunun Ermənistana heç bir mənfi təsiri yoxdur. Eyni zamanda, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri də Ermənistan ərazisindən uzaqdadır. Bu kəmərlə daşınan neft dağılsa belə, uzaq məsafəyə axıb gedə bilməz. Odur ki, ermənilərin iddiası məntiqsiz görünür.