Cənubi Koreyada 5 minə yaxın həkim-internanın sertifikatı “dondurulub”
Pekin, 11 mart, AZƏRTAC
Cənubi Koreyada hökumətin ali məktəblərdə tibb ixtisasları üzrə qəbul kvotasını artırmaq planına etiraz edən təxminən 5 min həkim-internanın sertifikatı “dondurulub”.
AZƏRTAC Koreya mediasına istinadla xəbər verir ki, etiraz aksiyasını dayandırıb işə qayıtmaq barədə Səhiyyə Nazirliyinin xəbərdarlığına məhəl qoymayan 4 min 944 həkim-internaya sertifikatının “dondurulması” barədə məlumat göndərilib. Nazir müavini Cun Byunq-vanq jurnalistlərə açıqlamasında deyib ki, sertifikatın dayandırılması barədə məlumat alan həkim-internalar martın 25-dək cəza tədbiri barədə fikirlərini rəsmi formada bildirməlidirlər. Nazirlik işə qayıtmaq istəyən stajor həkimlərə hər cür dəstək göstərməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Cənubi Koreyada 12 minə yaxın həkim-interna və rezident həkim hökumətin universitetlərin tibb ixtisaslarına qəbul kvotasını artırmaq planına etiraz olaraq 21 gündür işə çıxmır. Tətil edən həkim-internalar akademik məzuniyyət və ya işdən çıxmaq üçün ərizə yazıb. Etirazçılar ölkə üzrə ümumi həkim-internaların 93 faizini təşkil edir. Cənubi Koreya hökumət əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2025-ci ildə tibb ixtisaslarına qəbul kvotasını hazırkı 3058 yerdən daha 2 minədək artırmağı planlaşdırıb. Hökumət qərarını ölkədə, xüsusən də bölgələrdə, kənd yerlərində həkim azlığının aradan qaldırılması ilə əlaqələndirir.
Cənubi Koreyada əhali sayına nisbətdə həkimlərin sayı inkişaf etmiş ölkələr arasında ən aşağı göstəricilərdən biridir. Hökumətin islahatları ölkəni getdikcə daha çox yaşlı vətəndaşlar üçün hazırlamağa yönəlib. Proqnozlara görə, 2050-ci ildə Cənubi Koreyanın əhalisinin təxminən 44 faizi 65 yaşdan yuxarı insanlar olacaq. Hökumətin hesablamalarına görə, kəskin tədbirlər görülməzsə, 2035-ci ilə qədər ölkənin ehtiyaclarını ödəmək üçün 15 min həkim çatışmazlığı yarana bilər. Lakin həkimlər layihənin əleyhinə çıxırlar, çünki onlar hesab edirlər ki, tibb universitetlərinə qəbul olunan tələbələrin sayının artırılması peşəkarlıq səviyyəsinin aşağı düşməsinə və tibbi xidmətin keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq.
Aksiya ölkənin səhiyyə sektorunda ciddi böhran yaradıb. Paytaxt Seul da daxil olmaqla, bir neçə şəhərdəki tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərdə ləngimələr baş verib, cərrahi əməliyyatların təxminən yarısı təxirə salınıb. Hökumət əhaliyə vaxtında və lazımi tibb xidmətinin göstərilməsini təmin etmək üçün hərbi hospitalların həkimlərini cəlb etməyə başlayıb. Bundan başqa, tibb bacılarına həkimlərin bəzi funksiyalarını icra etməyə icazə verilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin