Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün gənclərin üzərinə böyük məsuliyyət düşür
Tbilisi, 11 fevral, AZƏRTAC
Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Tarixən hər iki xalq demək olar ki, eyni problemləri yaşayıb. Müstəqilliyini bərpa etdikdən sonra həm Azərbaycan, həm də Gürcüstan müəyyən problemlərlə üzləşib. Hər iki dövlətin torpaqları işğal olunub. Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad edib. Lakin təəssüf ki, Gürcüstan torpaqları hələ də işğal altındadır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisidə keçirilən “Azərbaycan-Gürcüstan Gənclərinin Birinci Qarabağ Forumu”nun iştirakçısı, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili söyləyib.
Onun sözlərinə görə, hər iki dövlətin beynəlxalq arenada bir-birinə dəstək olması vacibdir. Eyni zamanda, gənclər də dövlətin bu siyasətini davam etdirərək, bir çox məsələdə, xüsusən də dövlətçilik, sülh və təhlükəsizlik məsələlərində həmrəy olmalı və birgə fəaliyyət göstərməlidirlər. Bu həm qarşıya qoyulan məqsədlərə çatmaqda, yəni Cənubi Qafqazda davamlı sülhə nail olmaqda, həmdə dövlətlərimizin dayanıqlı inkişafında mühüm rol oynaya bilər.
Gürcüstanda Birinci Qarabağ Forumunun keçirilməsinin də əsas məqsədi gəncləri bu istiqamətdə birləşdirmək, birgə fəaliyyət göstərməkdir.
“Biz gələcəkdə Gürcüstan gəncləri ilə daha böyük formatda forumun keçirilməsi nəzərdə tuturuq”, - deyə o, vurğulayıb.
T.Allahverdili bildirib ki, bu gün Gürcüstanda yüz minlərlə azərbaycanlı soydaşımız yaşayır. Bu tədbirlərdə onların iştirakı daha vacibdir. Ona görə ki, Gürcüstan onların vətənidir. Azərbaycanlılar isə Vətənin xilası üçün hər zaman mübarizə aparıblar. Biz bunu Qarabağ müharibəsində də gördük. Onlar Azərbaycan dövlətinə çox böyük dəstək verdilər.
Bu cür tədbirlərin Gürcüstanın digər bölgələrində də keçirilməsi planlaşdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi