Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir
Tovuz, 24 avqust, AZƏRTAC
Cənubi Qafqazın Neolit dövrünə açılan səkkiz min illik pəncərəsi hesab olunan Göytəpə yaşayış məskənində arxeoloji tədqiqatlar davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Tovuz rayonunda, şəhərdən təxminən 10 kilometr şərqdə yerləşən Göytəpə Neolit yaşayış yeri Cənubi Qafqazın mühüm arxeoloji abidələrindən biridir. Təxminən 145 metr diametrə, 9 metr hündürlüyə malik abidə 2 hektara yaxın ərazini əhatə edir. Burada qədim yaşayış tikililərinin qalıqları, əmək alətləri, keramika nümunələri və təsərrüfat fəaliyyətini əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələri aşkarlanıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi Göytəpə yaşayış məskənində olub.
Alimlərin bildirdiyinə görə, Göytəpənin əhəmiyyəti yalnız qədimliyi ilə məhdudlaşmır. Abidə insanların ovçuluq və yığıcılıqdan oturaq həyata, əkinçiliyə və maldarlığa keçidinin formalaşmış mərhələsini öyrənmək baxımından mühüm elmi mənbədir. Burada yaşamış insanlar daimi yaşayış məskənləri salıb, evlər tikib, taxıl becərib, heyvan saxlayıb, ərzaq ehtiyatları toplayıb, keramika, daş və sümük alətlər hazırlayıblar.
Analizlərin nəticələrinə əsasən, Göytəpədə məskunlaşma təxminən eradan əvvəl 5650–5460-cı illərə aid edilir. Abidədə təxminən 11 metr qalınlığında Neolit dövrünə aid mədəni təbəqə və bir-birini əvəz edən 14 memarlıq mərhələsi qeydə alınıb.

Qazıntılar zamanı çiy kərpicdən tikilmiş dairəvi planlı yaşayış və təsərrüfat tikililəri, ocaq və sobalar, saxlanc qurğuları, həmçinin müxtəlif daş, obsidian, sümük və buynuz alətləri aşkar edilib. Tədqiqatlar Göytəpə sakinlərinin artıq formalaşmış əkinçi-maldar təsərrüfat sisteminə malik olduğunu göstərir. Paleobotanik materiallar arasında buğda və arpa, zooarxeoloji materiallar arasında isə qoyun, keçi, mal-qara və donuz qalıqları müəyyən edilib.
Göytəpənin beynəlxalq səviyyədə intensiv tədqiqi 2008–2013-cü illərdə aparılıb. Azərbaycan alimləri ilə yanaşı, Fransa və Yaponiya mütəxəssislərinin iştirak etdiyi araşdırmalar nəticəsində genişmiqyaslı qazıntılar həyata keçirilib. Tədqiqatlar Azərbaycan mütəxəssislərinin rəhbərliyi ilə 2019-cu ilədək davam etdirilib.
Cari ildə Göytəpədə arxeoloji tədqiqatların yeni mərhələsinə başlanılıb. Yeni mərhələnin əsas məqsədi əvvəlki qazıntıların elmi sənədlərinin dəqiqləşdirilməsi, yeni materialların aşkar edilməsi, abidənin qorunması və müasir rəqəmsal üsullarla sənədləşdirilməsidir. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərovun rəhbərliyi ilə əvvəlki illərə aid məlumatlar yenidən araşdırılır, qazıntı sahəsinin koordinat sistemi bərpa edilir və memarlıq mərhələlərinin sərhədləri dəqiqləşdirilir.

Yeni tədqiqat mərhələsində rəqəmsal arxeologiya üsullarından da istifadə olunur. Avqust ayında keçirilən praktiki təlimlər zamanı qazıntı sahəsi və arxeoloji tikili qalıqları LiDAR texnologiyası ilə skan edilərək üçölçülü rəqəmsal modelləri hazırlanıb. Bu üsul abidənin mövcud vəziyyətinin yüksək dəqiqliklə sənədləşdirilməsinə, dəyişikliklərin izlənilməsinə və gələcək konservasiya işləri üçün rəqəmsal məlumat bazasının yaradılmasına imkan verir.
Göytəpənin qorunması da tədqiqatların əsas istiqamətlərindən biridir. Çiy kərpicdən inşa edilmiş qədim divarlar yağıntı, külək və temperatur dəyişmələrinə qarşı həssas olduğundan onların uzunmüddətli mühafizəsi üçün elmi əsasların hazırlanması vacibdir.
Bu gün Göytəpədə aparılan araşdırmalar səkkiz min il əvvəl Orta Kür hövzəsində yaşamış insanların həyat tərzi, təsərrüfat fəaliyyəti, qidalanması və texnologiyaları barədə yeni məlumatların əldə edilməsinə imkan verir. Abidənin 14 ardıcıl memarlıq mərhələsinin tədqiqi isə Neolit dövründə baş verən sosial və iqtisadi dəyişiklikləri izləmək baxımından mühüm əhəmiyyət daşıyır.
Müxbir – Ruslan Novruzoğlu