“Che” liqasının II mövsümünə start verilib
Bakı, 4 mart, AZƏRTAC
Mingəçevir İntellektual Oyunlar Klubunun (MİOK) “Che” liqasının II mövsümünə start verilib.
“Mingəçevir Gənclər Evi”ndən AZƏRTAC-a bildiriblər ki, liqanın yaradılmasında əsas məqsəd gənclərin komanda halında işləmək bacarıqlarının inkişaf etdirilməsidir.
Sertifikat və mükafatları təqdim edən Gənclər Evinin nümayəndəsi Rəşad Qurbanov iştirakçılara uğurlar arzulayıb.
İki tur üzrə baş tutan yarışın birinci mərhələsində 14, ikinci mərhələsində 13 komanda intellektual səviyyələrini yoxlayıblar. Yarışa başlamazdan əvvəl MİOK-un sədri Vüsal Mahmudov komandalara yarışın şərtləri haqqında məlumat verib, sonra sualları səsləndirib.
Birinci mövsümün qalibi olan “Panteon” komandası daha çox sualı cavablandıraraq hər iki turu birinciliklə bitirib. “Nə? Harada? Nə zaman?” oyununun sonuncusu 2 xalla “Gladiator”, “Chellenge” yarışının sonuncusu isə 5 xalla “Legends” komandaları olub.