“ÇELSİ”NİN BRAZİLİYALI BAŞ MƏŞQÇİSİ LUİS FELİPE SKOLARİ VƏZİFƏSİNDƏN AZAD EDİLMİŞDİR
Bakı, 10 fevral (AZƏRTAC). Londonun “Çelsi” klubunun rəhbərliyi komandanın nəticələrini qeyri-qənaətbəxş hesab edərək, braziliyalı baş məşqçi Luis Felipe Skolarini vəzifədən azad etmişdir. İngiltərə çempionatının 25-ci turunda “Çelsi”-“Hall Siti” matçının qolsuz heç-heçə ilə nəticələnməsi klub rəhbərliyinin səbr kasasını daşdıran sonuncu damla olmuşdur.
“Çelsi”nin saytında dərc olunmuş rəsmi bəyanatda deyilir: “Felipe bizim kluba çox xeyir vermişdir. Ondan ayrılmalı olacağımıza görə mütəəssirik. Lakin mövsümün ən həlledici məqamında komandanın göstərdiyi nəticələr bizi bu addımı atmağa məcbur edir. Məşqçi axtarışı artıq başlanmışdır və ümid edirik ki, tezliklə münasib mütəxəssis tapacağıq”.
Xatırladaq ki, Skolari “Çelsi”də 2008-ci ilin yayında Avraam Qrantı əvəz etmişdi.
İngiltərə premyer-liqasında 25 turdan sonra “Çelsi” 4-cü yeri tutur. O, liderlik edən “Mançester Yunayted” komandasından 7 xal az toplamışdır. Üstəlik, Aleks Fergüsonun komandası bir oyun az keçirmişdir.
Məşqçi karyerasına 1982-ci ildə Braziliyanın “Sentro Sportivo Alaqoano” əyalət klubunda başlamış Luis Felipe Skolari sonrakı illərdə Braziliya, Küveyt, Səudiyyə Ərəbistanı və Yaponiya klublarında, habelə Küveyt, Braziliya və Portuqaliya yığma komandalarında məşqçi olmuşdur. 2008-ci il iyulun 1-də, hələ Avropa çempionatı başa çatmamış o, Londonun “Çelsi” klubuna baş məşqçi təyin edilmişdi. Bu, Skolarinin karyerasında 16-cı klub idi.
Skolari dünya çempionu (2002, Braziliya yığma komandası), Avropa çempionatının finalçısı (2004, Portuqaliya yığma komandası), Braziliya çempionu (1996, “Qremio”), üç dəfə (1991, 1994, 1998-ci illərdə) Braziliya kubokunun, iki dəfə (1995, 1999-cu illər) Libertadores kubokunun sahibi olmuşdur. İki dəfə (1999, 2002-ci illərdə) Cənubi Amerikada ilin məşqçisi, 2002-ci ildə isə FİFA versiyası üzrə ilin məşqçisi hesab edilmişdir.