Çilov adasında batmaq təhlükəsində olan elmi-tədqiqat gəmisinin heyətindəki bir nəfər xilas edilib
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 2-də Çilov adası istiqamətində SOCAR-ın Geofizika və Geologiya İdarəsi tərəfindən seysmik-kəşfiyyat işlərinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinə məxsus üzmə vasitəsinin mühərrikində texniki nasazlıq yaranıb və küləyin təsiri nəticəsində bir nəfər heyətlə dənizin dərinliyinə doğru səmtlənib. Üzmə vasitəsi ilə rabitə əlaqəsinin kəsilməsi səbəbindən onun dəqiq mövqeyini müəyyən etmək mümkün olmayıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, üzmə vasitəsinin axtarışına kömək göstərilməsi barədə daxil olmuş müraciətlə əlaqədar dərhal DSX-nin Sahil Mühafizəsinin növbətçi gəmisinə üzmə vasitəsinin axtarışı barədə göstəriş verilib və axtarış-xilasetmə tədbirlərinə başlanılıb.
Sərhəd gözətçi gəmisi tərəfindən qaranlıq hava şəraitində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində Çilov adasından cənub-qərb istiqamətdə, sahildən yeddi mil məsafədə dənizdə estakadaya burazlanmış qayıq aşkarlanaraq yedəyə alınıb. Qayıqda olan şəxs - 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Balayev Həsən Böyükağa oğlu sərhəd gözətçi gəmisinin bortuna götürülüb və ona ilkin tibbı yardım göstərilib.
Dövlət Sərhəd Xidmətinin dəniz sərhədçiləri tərəfindən xilas edilmiş şəxs ”Geofizik-3” elmi-tədqiqat gəmisinə təhvil verilib.