Çin hökuməti vətəndaşlarını xaricə səyahət etməməyə çağırıb
Pekin, 22 aprel, AZƏRTAC
Çin öz vətəndaşlarını yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xarici ölkələrə səfər etməməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Nazirlik həm Çində, həm də xarici ölkələrdə yaşayan vətəndaşlarına sərhəd-keçid məntəqələrində virusa yoluxma riskinin yüksək olduğunu nəzərə alaraq, başqa dövlətlərə səyahətdən çəkinməyi tövsiyə edib.
Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uxan şəhərində aşkarlanan virus əvvəlcə Çində, ardınca isə bütün dünyada sürətlə yayılmağa başlayıb. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, COVID-19 infeksiyası 200-dən çox ölkədə yayılıb. Bütün dünyada virusa yoluxanların sayı 2 milyon 580 mini, ölənlərin sayı isə 179 mini ötüb. Çində martın ortalarından etibarən epidemioloji vəziyyət yaxşılaşmağa başlayıb. İndiyədək Çinin materik hissəsində 82 min 788 yoluxma, 4632 ölüm faktı qeydə alınıb. Tibb işçilərinin səyi nəticəsində 77 min 151 nəfər sağalaraq xəstəxananı tərk edib. Hazırda Çində virusa yoluxmuş 1005 nəfər aktiv xəstə var.
Hökumət xaricdən Çinə virusa axınının qarşısını almaq üçün sərhəd karantin tədbirlərini gücləndirib. Bəzi istisnalar olmaqla əcnəbilərin ölkəyə girişi müvəqqəti olaraq dayandırılıb, beynəlxalq uçuşların sayı xeyli azaldılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin