Çində insanın quş qripi virusuna yoluxması faktı qeydə alınıb
Bakı, 12 aprel, AZƏRTAC
Çinin Milli Səhiyyə Komissiyası Ümumdünya Səhiyyə Təşkilatına bildirib ki, bu ölkədə insanın “A” tipli quş qripi virusuna (H3N8) yoluxması faktı təsdiqlənib.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu, insanın quş qripi virusu ştamına yoluxması ilə bağlı qeydiyyata alınmış üçüncü faktıdır və hər üç hadisə Çində qeydə alınıb.
Bununla əlaqədar, yoluxmuş şəxsin epidemioloji müayinəsi aparılıb, onun yaxın təmasda olduğu insanlar yoxlanılıb, lakin əlavə hallar aşkar edilməyib.
Bundan əvvəlki iki hadisə 2022-ci ilin aprel və may aylarında qeydə alınıb. Bir halda xəstəlik ağır, digər halda yüngül keçib. Ehtimal edilir ki, həmin adamların hər ikisi xəstə ev quşu ilə birbaşa və ya dolayı təmas nəticəsində yoluxublar.
Əldə olunan informasiya belə nəticə çıxarmağa əsas verir ki, virus insandan insana asanlıqla keçmir, ona görə xəstəliyin milli, regional və beynəlxalq səviyyədə yayılması riski azdır.
Lakin qrip viruslarının təbiəti daim dəyişdiyinə görə, Ümumdünya Səhiyyə Təşkilatı insanın və ya heyvanların sağlamlığına təsir göstərə biləcək sirkulyasiya edən qrip virusları ilə bağlı virusoloji, epidemioloji və klinik dəyişiklikləri aşkar etmək üçün qlobal epidemioloji nəzarətin vacib olmasını vurğulayır.
Ümumdünya Səhiyyə Təşkilatı vəhşi quşlar və bəzi vəhşi məməlilər arasında quş qripi hallarının müşahidə olunan miqyasını və tezliyini nəzərə alaraq, xəstə və ya naməlum səbəblər üçündən ölmüş heyvanlarla təmasda olmaqdan çəkinməyi və bu barədə hakimiyyət orqanlarına məlumat verməyi tövsiyə edir.
Əlləri tez-tez yumaq və ya spirt əsaslı dezinfeksiya vasitələrindən istifadə etmək, yoluxma riski olan mühitdə olarkən tənəffüs orqanlarının müdafiəsi üçün müvafiq vasitələrdən istifadə etmək tövsiyə olunur. Ümumdünya Səhiyyə Təşkilatı quş qripi halları qeydə alınmış ölkələrə gedən bütün turistlərə heyvan fermalarına getməkdən və bazarlarda heyvanlarla təmasda olmaqdan çəkinmələrini israrla tövsiyə edir.
Hazırda əldə olan informasiyaya əsasən Ümumdünya Səhiyyə Təşkilatı səfərlərə və ticarətə məhdudiyyət tətbiq olunmasını tövsiyə etmir.