Çinli alimlər “Astaraçay” MMC-nin çay fabrikində olublar
Astara, 27 may, Bağır Əliyev, AZƏRTAC
Xəzər Universitetinin dəvəti ilə Azərbaycana səfərdə olan Çin Xalq Respublikasının Anhui Kənd Təsərrüfatı Universitetinin çayçılıq üzrə mütəxəssis və alimləri “Astaraçay” MMC-nin çay fabrikində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çinli qonaqlar “Astaraçay” MMC-nin çay fabrikində istehsal prosesi, Çay muzeyində nümayiş etdirilən məhsullar və eksponatlarla tanış olub, Astara çayının dadına baxıblar.
Məlumat verilib ki, çay fabriki Koreya Respublikası, Yaponiya və Almaniya şirkətlərinin layihəsi əsasında tikilib. Beş hektar əraziyə malik çay fabrikinin istehsal gücü gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 48 tona çatdırmaq nəzərdə tutulub.
Bildirilib ki, müasir standartlar səviyyəsində qurulmuş çəkici-bükücü müəssisədə çəkisi 100, 200, 250, 300, 400, 500 və 1000 qram olan çay bükümləri hazırlanır. Burada dəqiqədə 8 çay bükümünün istehsalı mümkündür.
Xəzər Universitetinin Həyat Elmləri Departamentinin rəhbəri Asəf Ömərov bildirib ki, səfərin məqsədi qədim Azərbaycan çay növlərini araşdırmaq, Azərbaycanda olan qədim çay bitkisi haqqında bütün məlumatları öyrənməkdir. Diqqətə çatdırılıb ki, Xəzər Universiteti ilə Çinin Anhui Universiteti arasında tələbə, təcrübə və tədqiqat işləri ilə bağlı memorandum imzalanacaq.
Anhui Kənd Təsərrüfatı Universitetinin professoru Van Xiaochun ilk dəfə Azərbaycanda olduğunu bildirib. O deyib: “Azərbaycana gəlməkdə məqsədimiz yetişdirilən çay məhsullarını öyrənmək və Xəzər Universitetinin alimləri ilə birlikdə tədqiq etməkdir. Biz burada çayçılıq avadanlıqlarının yüksək səviyyədə qurulduğunun şahidi olduq. Mən Çində çayın texnoloji proseslər üzrə də rəhbəriyəm. Azərbaycanda çayçılıq sahəsində texnoloji proseslər yüksək səviyyədədir. Qara çayın keyfiyyəti çox xoşuma gəldi. Biz bundan sonra Azərbaycan ilə əlaqələrimizi bu sahədə genişləndirəcəyik”.
Qeyd edək ki, çinli alimlərin Azərbaycanın cənub bölgəsində çayçılıq təsərrüfatları ilə tanışlığı davam edir.