Co Baydenin fikrincə Balkan regionu hələ də ABŞ-ın milli təhlükəsizliyi üçün təhdiddir
Belqrad, 22 iyun, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden Qərbi Balkan regionunun hələ də Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün ciddi təhdid yaratdığı qənaətindədir.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidentinin 2021-ci il iyunun 20-də imzaladığı və Balkan regionunda fövqəladə tədbirlərin əhatə dairəsinin genişləndilməsini nəzərdə tutan fərmanın müddətinin uzadılması ilə bağlı Ağ Evin bildirişi Konqresə göndərilib. Bununla da, ABŞ hökuməti Balkan regionunda ekstremist zorakılıq aktlarını dəstəkləyən və maliyyələşdirən şəxslərə və ya təşkilatlara qarşı sanksiyaları davam etdirmək niyyətindədir.
Co Bayden bildirib ki, Balkan regionunda sülh və beynəlxalq sabitlik səylərini təhdid edən şəxslərin hərəkətləri, o cümlədən ekstremist zorakılıq və maneələr ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhdid yaratmaqda davam edir.
Qeyd edək ki, fərmanda Qərbi Balkan ölkələrində bölgənin sülh və sabitliyini təhdid edən şəxslərə və təşkilatlara qarşı sanksiyaların tətbiqi öz əksini tapıb. Sanksiyalar sırasına ABŞ-a giriş qadağası və Birləşmiş Ştatlar ərazisindəki aktivlərin və maliyyə resurslarının dondurulması daxildir. ABŞ vətəndaşlarına da sanksiya siyahısındakı şəxslərlə əlaqədə olmaq qadağan edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad