Coğrafiya İnstitutunun ilk ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
Bakı, 19 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən institutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən erməni işğalından azad edilən torpaqlarımızda böyük quruculuq işlərinin getdiyini vurğulayıb. Z.Eminov institut əməkdaşlarının hazırladıqları “Qarabağın coğrafiyası” monoqrafiyasının şanlı Qələbəmizə bir töhfə olduğunu qeyd edib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbədən, xalqımızın yenilməzliyindən, Qarabağda aparılan quruculuq işlərindən söz açıb. O, YAP-ın ölkəmizin siyasi həyatında aparıcı rolundan danışıb.
Sonra Coğrafiya İnstitutunun ilk ərazi partiya təşkilatının sədri Bibixanım İbrahimovanın hesabatı dinlənilib. O, VI qurultaydan sonrakı dövr ərzində görülən işlərdən danışıb.
Hesabat qənaətbəxş hesab edilib.
Səsvermə nəticəsində Bibixanım İbrahimova sədr, Məhbubə Fətullayeva sədr müavini seçilib.