Coğrafiya və riyaziyyat fənlərindən tapşırıq nümunələri müzakirə edilib
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclası keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclasda coğrafiya fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri, riyaziyyat fənnindən isə ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları modellərinə uyğun tapşırıq nümunələri müzakirə edilib.
Müzakirələr nəticəsində coğrafiya fənni üzrə imtahan modelində tətbiq yönümlü, məntiqi düşünməyə əsaslanan xəritə, cədvəl, sxem, qrafik formalı tapşırıqlara üstünlük verilib. Situasiya tapşırıqlarının məzmununa xüsusi diqqət yetirilib.
Riyaziyyat fənni üzrə də tapşırıqlar müzakirə edilib.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələlər ilə bağlı fikir bildirilib və təkliflər verilib. Beləliklə, riyaziyyat fənnindən imtahan modellərinin müzakirəsi başa çatıb.
Ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları modellərinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, ali təhsil müəssisələrinə qəbul imtahanı modeli isə “Abituriyent” jurnalının birinci nömrəsində dərc olunacaq.
Noyabrın 26-da ali təhsil müəssisələrinə qəbul imtahanları üçün imtahan modellərinin müzakirəsi aparılacaq.