COP 29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi tarixi hadisədir - RƏY
Bakı, 28 dekabr, AZƏRTAC
Dünyanı narahat edən çox ciddi problemlərdən biri canlı aləmə təsir edən iqlim dəyişmələridir. İqlim dəyişkənliyi Yer kürəsinin və ya onun ayrı-ayrı hissələrinin iqlimində hava parametrlərinin zamandan asılı olaraq dəyişərək statistik normadan əhəmiyyətli dərəcədə sapmaları ilə müşayiət olunur. İqlim dəyişmələrinin səbəbləri astrofiziki, geofiziki və Günəşdə vaxtaşırı baş verən fiziki proseslər, Yerin öz xəyali oxu və Günəş ətrafında hərəkəti zamanı baş verən dəyişmələr, şimal və cənub qütblərinin nutasiyası, vulkan püskürmələri kimi təbii amillərlə yanaşı, insanların təbiətə göstərdiyi antropogen təsirlərdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının müdiri İmran Abdullayev söyləyib. İ.Abdullayev bildirib ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, hazırda dünyada baş verən təbii fəlakətlərin 80-85 faizi məhz iqlim dəyişmələrinin təsirindən yaranan anomal hidrometeoroloji proseslərlə bağlıdır.
O qeyd edib ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub.
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP 29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir”, - deyə kafedra müdiri əlavə edib.
Hazırda Hidrometeorologiya ixtisası üzrə təhsil alan bakalavr və magistrantlara iqlim dəyişmələri və onların su ehtiyatlarına, ətraf mühitə təsiri ilə əlaqədar fənlərin tədris olunduğunu deyən İ.Abdullayev növbəti tədris ilində belə fənlərin sayının artırılmasının planlaşdırıldığını diqqətə çatdırıb.
“2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz, 2050-ci ilə qədər 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin digər dünya ölkələrinə nəqli Azərbaycanın hədəf götürdüyü enerji siyasətinin prioritetidir”, - deyə alim fikrini yekunlaşdırıb.