“Copa Amerika”: Meksika və Venesuela yığmaları növbəti mərhələdə
Bakı, 10 iyun, AZƏRTAC
Futbol üzrə Amerika çempionatı - “Copa Amerika”da “C” qrupu çərçivəsində daha iki oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, ABŞ-dakı “Rose Bowl Stadium”da Meksika və Yamayka yığmaları üz-üzə gəlib. Braziliyalı baş hakim Sampayyunun idarə etdiyi oyunun 18-ci dəqiqəsində meksikalı futbolçu Ernandes hesabı açıb. Matçın 81-ci dəqiqəsində Peralta ikinci topu rəqib qapısından keçirib. Görüşün sonunadək hesab dəyişməyib və Meksika millisi 2:0 hesabı ilə qalib gəlib. İlk oyunda Meksika millisi Uruqvay yığmasını 3:1 hesabı ilə məğlub etmişdi.
Digər oyun “Linkoln Faynenşel Fild” stadionunda Uruqvay və Venesuela yığmaları arasında keçirilib. Oyunun 36-cı dəqiqəsində fərqlənən Rondon Venesuelanın minimal hesablı qələbəsini rəsmiləşdirib - 1:0. İlk oyunda Venesuela yığması Yamaykadan üstün olmuşdu - 1:0.
“C” qrupunun sonuncu oyunları iyunun 13-də keçiriləcək və Meksika millisi Venesuela, Uruqvay yığması ilə Yamayka ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hesabında 6 xal olan Venesuela və Meksika yığmaları turnir cədvəlində ilk iki pillədə qərarlaşıblar. Uruqvay və Yamayka yığmalarının hesabında isə xal yoxdur. Qrupun sonuncu oyunlarında asılı olmayaraq, Venesuela və Meksika yığmaları pley-offa vəsiqəni təmin edib.