COVANNİ LAYOLO: AZƏRBAYCANDAKI TOLERANTLIQ BAŞQALARINA NÜMUNƏ OLMALIDIR
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar, Bakı və Xəzəryanı Bölgə Yeparxiyasının yepiskopu Aleksandr, Azərbaycanın Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov, Vatikan dövlətinin Azərbaycanda apostol nunsisi Klaudio Qucerotti, respublikanın tanınmış ziyalıları iştirak edirdilər.
Şeyxülislam demişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Vatikanla əlaqələr genişlənir. Bu əlaqələrin bünövrəsini ümummilli lider Heydər Əliyev və Papa II İohann Pavel qoymuşlar. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Papa XVI Benedikt həzrətləri həmin əlaqələri davam etdirirlər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda müxtəlif dinlərin dinc yanaşı fəaliyyət göstərməsindən, tolerantlığın yaşayış tərzimizə çevrildiyindən danışmış, ölkədə həm məscidlər, həm kilsələr, həm də sinaqoqlar tikildiyini bildirmiş, beynəlxalq aləmdə dinlərarası münaqişə törətmək istəyənlərin öz niyyətlərinə çatmayacağına əminliyini söyləmişdir. O, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Vatikan dövlətinə minnətdarlığını bildirmişdir.
Görüşdə çıxış edən Aleksandr ata və Semyon İxiilov Azərbaycanda hökm sürən dini dözümlülükdən razılıqla danışmışlar.
Covanni Layolo demişdir ki, Azərbaycanda, onun paytaxtı Bakıda gözəlliklər çoxdur, lakin məni daha çox təsirləndirən qəlblərin birliyi, vəhdətidir. Ölkənizdə müsəlmanlar, xristianlar, jəhudilər əmin-amanlıq şəraitində yaşayırlar, onların arasında hörmət, dostluq, məhəbbət hökm sürür. Bizi qardaşlıq birləşdirməlidir. Hamımızı Allah yaratmışdır və O, bizi sevir. Allah bizi sevdiyi üçün biz də bir-birimizi sevməliyik. Mən bunun təzahürünü Azərbaycanda görürəm. Bu, Azərbaycan dövlətinin siyasəti sayəsində mümkün olmuşdur. Bu sahədə Azərbaycan hamıya nümunə ola bilər. Ölkədə tolerantlığın bərqərar olmasında şeyx həzrətlərinin də xidməti əvəzsizdir. Katolik kilsəsi bu xidmətləri görür və yüksək qiymətləndirir.
Qonaq Roma papası XVI Benediktin şəxsi salamını şeyxülislama yetirmişdir.
Covanni Layolo da müsəlmanlarla xristianlar arasında nifaq salmaq istəyənləri pisləmiş, çıxışını “Yaşasın Azərbaycan!” sözləri ilə bitirmişdir.
Allahşükür Paşazadə və Covanni Layolo qarşılıqlı hədiyyələr təqdim etmişlər.
Şeyxülislam qonaqların şərəfinə ziyafət vermişdir.