COVAX təşəbbüsünə 2,4 milyard dollar əlavə vəsait cəlb ediləcək
Cenevrə, 3 iyun, AZƏRTAC
Koronavirus əleyhinə peyvənd təşəbbüsü (COVAX) üçün keçirilən beynəlxalq virtual donor konfransında 2,4 milyard ABŞ dolları (güman edildiyindən 400 milyon dollar artıq) əlavə vəsait toplanıb.
AZƏRTAC xəbər verir ki, Vaksin və İmmunizasiya üzrə Qlobal Alyans (GAVI) və Yaponiya ilə birgə təşkil olunan konfransda donorlar tərəfindən vəd verilən vəsaitlər sayəsində, həmçinin yoxsul ölkələrdəki insanlara 1,8 milyon əlavə peyvənd dozası çatdırılacaq.
Konfrans təşkilatçıları dövlət və özəl sektordan ümumilikdə 2 milyard dollar ianənin toplanacağına ümid bəsləsələr də, əldə olunan vəsaitlər gözləniləndən yüksək olub. Bu vəsaitlər indiyədək təşəbbüs çərçivəsində toplanmış 6,2 milyard dollarlıq büdcəyə əlavə ediləcək.
GAVI alyansının sədri Set Berkli bildirib ki, COVAX çərçivəsində 2021-ci il ərzində və 2022-ci ilin əvvəlində çatdırılmalı olan peyvənd dozaları dünyanın 90-dan artıq ölkəsində əhalinin təxminən 30 faizinin koronavirusa qarşı qorunmasını təmin edəcək. Əhalisinin sayını nəzərə alaraq bütün peyvənd dozalarının 20 faizi təkcə Hindistan üçün nəzərdə tutulur.
Konfransda, həmçinin vaksinasiya kampaniyasının yoxsul ölkələrdə aşağı templə aparılması da müzakirə edilib. Qeyd edilib ki, may ayı ərzində “G7“ ölkələrində 4,6 milyon insan koronavirusa qarşı peyvənd olunub, bütün yoxsul ölkələrdə isə ümumi olaraq 63 min insan üçün belə bir imkan yaradılıb. Əgər vaksinasiya bu templə davam etdirilərsə, o zaman yoxsul ölkələrdə əhalinin peyvənd olunmasına 57 il lazım gələcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə