DAAD nümayəndəsi: Bu il təqaüd alanlar arasından 20 nəfəri Azərbaycan Dillər Universitetinin tələbəsidir
Bakı, 5 may, AZƏRTAC
Hər il Alman Akademik Mübadilə Xidməti (DAAD) dünya miqyasında minlərlə təqaüd təqdim edir. Bu il də Almaniyaya səfər edəcək azərbaycanlı təqaüdçülərimiz olacaq. Builki seçimdə təqaüd alanlar arasından 20 nəfəri Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri DAAD-nin ADU-da nümayəndəsi Liza Brandt “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” IX beynəlxalq elmi konfransında deyib. O bildirib ki, ADU multikulturalizmin rəmzidir: “Bu, təkcə digər mədəniyyətlərə və ölkələrə böyük maraq göstərən tələbələrimizə görə deyil, həm də beynəlxalq müəllim heyətinə, təklif olunan xarici dillərin geniş çeşidinə, burada qurulan fərqli mədəniyyətlər və ölkələr arasındakı mükəmməl mübadiləyə görədir.
Hörmət və tolerantlıq bizim təməl daşımızdır və mən bunu hər gün universitetdəki işimdə görürəm. Bunlar biz müəllim heyəti və tələbələrimiz arasında uğurlu əməkdaşlıq üçün xüsusilə vacibdir.
Tələbələrimizə digər mədəniyyətlərlə, sosial adət-ənənələrlə hörmətli və tolerant şəkildə qarşılıqlı əlaqədə olmağı öyrədirik. Bu yanaşma onlara həm Azərbaycanda, həm də Almaniyada gələcək karyeraları üçün böyük əhəmiyyət kəsb edir. Bu, həm də gənc mütəxəssislərin və sənətkarların formalaşması üçün çox vacibdir”.