REGİONLAR
Dağ və ekstremal idman növləri üzrə təlim-məşqlər davam etdirilir
Naxçıvan, 26 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə məşqçi-müəllimlər, idmançılar üçün dağ və ekstremal idman növləri üzrə seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, təlim-məşqlərin ilk günündə iştirakçılar üçün nəzəri seminar təşkil edilib. Seminarda ekstremal idman növləri üzrə təlimçilər Fərid Mustafayev və Əziz Əmirov çıxış ediblər. Onlar ilk olaraq nəzəri məlumatlandırmada məşqçi-müəllimlər, hakimlər və idmançılara dağ yürüşü texnikasında və idman dırmanmasında təlimlər barədə məlumat verib, tədris filmləri nümayiş etdiriblər.
Nəzəri seminarda federasiyanın sədr müavini Azər Məmmədov,
Gənclər və İdman Nazirliyinin kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış edərək, bu növlərin muxtar respublikada geniş yayılması üçün görülən və görüləcək işlər barədə danışıblar.
Seminarın ikinci günündə isə idmançılar təlim-məşqləri “Əshabi-Kəhf ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində praktik olaraq davam etdiriblər. Praktik təlim-məşqlərdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının “İlandağ”, “Qapıcıq” idman klubları və 8 komandanın 100-dən çox idmançısı iştirak edib.
İdmançılara dağa dırmanma, dağdan enmə və qayaya dırmanma,
həmçinin dağa dırmanarkən öncədən görüləcək tədbirlər haqqında
məlumat verilib.
Seminardan sonra ekstremal idman növləri üzrə təlimçi Fərid Mustafayev bildirib ki, bu idman növləri bir qədər ekstrim tələb edir. Bu idman növləri ilə məşğul olanlar səbirli, təmkinli, eyni zamanda, diqqətcil olmalıdırlar. Çünki hər hansı bir səhv faciə ilə nəticələnə bilər. Ona görə də seminarlarda, keçirilən tədbirlərdə bu barədə idmançılara dolğun məlumat verməyə çalışırıq.
Təlimçi vurğulayıb ki, bu gün Naxçıvanda bu növlə məşğul olan idmançılarımıza dağa dırmanarkən hansı tədbirləri öncədən görmək lazım olduğunu öyrətdik. Belə təlim-məşqlər muxtar respublikada növbəti aylarda da davam etdiriləcək.