DAHA BİR ALİMİMİZ RUSİYA TİBB ELMLƏRİ AKADEMİYASININ ÜZVÜ SEÇİLDİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Vasif Əsgərov 1946-cı ildə Naxçıvanda orta məktəbi, 1952-ci ildə II Moskva Tibb İnstitutunu bitirmişdir. İnstitutun aspiranturasında saxlanılaraq elmi tədqiqat işləri aparmış, 1957-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Bir neçə il Naxçıvan şəhər uşaq xəstəxanasında baş həkim işləmiş, 1959-cu ildə müsabiqədə qalib gələrək Azərbaycan Dövlət Tibb İnstitutu uşaq yoluxucu xəstəlikləri kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır.
İstedadlı alim və təhsil təşkilatçısı bir neçə il SSRİ Tibb Elmləri Akademiyası Elmi Tədqiqat Pediatriya İnstitutunun doktoranturasında tədqiqat aparmış, 1969-cu ildə müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsini almışdır. Həmin ildən Azərbaycan Dövlət Tİbb Universitetinin kafedra müdiri, professordur.
Vasif Əsgərov 300-dən artıq elmi əsərin, monoqrafiya və məqalənin müəllifi, bir dərsliyin isə həmmüəllifidir. Səkkiz elmlər namizədi yetişdirmişdir. Hazırda onun rəhbərliyi altında bir neçə doktorluq dissertasiyası üzərində iş başa çatmaqdadır. Xarici ölkələrdə keçirilən müxtəlif elmi konfranslarda Azərbaycanı ləyaqətlə təmsil edir. Bir qayda olaraq həmvətənəmizin bu elmi məclislərdə çıxışları aktuallığı ilə seçilir və böyük maraqla qarşılanır.