Daha bir məntəqədən Cənub və Qərb bölgələrinə sərnişin daşınması həyata keçiriləcək
Bakı, 4 mart, AZƏRTAC
Bu gündən “Azerbaijan Ground Service” MMC tərəfindən “Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edilir.
AZƏRTAC xəbər verir ki, məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir.
İstifadəyə verilən məkandan sərnişinlərin əsasən, Cənub və Qərb bölgələrinə səfərləri təmin ediləcək.
Səfər öncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq. Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.
İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchiz edilən ərazidə sərnişinlər üçün rahat gözləmə zalları, dayanacaqlar və iaşə obyektləri yaradılıb. Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edəcək.