Daşınmaz əmlaka sərəncam verilməsinə dair müqavilələrin notariat təsdiq qaydası dəyişdirilir
Bakı, 14 oktyabr, AZƏRTAC
Milli Məclisdə Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 14-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə görə, Məcəllənin 144.2-1-ci maddəsində “məqsədilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmalıdır" sözləri "bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur" sözləri ilə əvəz edilir.
Həmçinin Məcəllənin 144.3-cü maddəsi yeni redaksiyada təqdim olunur. Yeni redaksiyada qeyd olunur ki, daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur.
Məcəlləyə təklif olunan əlavəyə əsasən, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə əlaqədar olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.