Daşkəsəndə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan intellektual yarış keçirilib
Daşkəsən, 28 fevral, Vüsalə Cənnətova, AZƏRTAC
Daşkəsən rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan bilik yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış Daşkəsən Rayon İcra Hakimiyyəti, rayon üzrə Təhsil Sektoru, İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin rayon bölməsinin birgə təşkilatçılığı ilə reallaşıb. Məqsəd gənc nəslin Konstitusiya, dövlətçilik və suverenlik haqqında biliklərini artırmaq, onların hüquqi maarifləndirilməsini gücləndirmək və vətənpərvərlik ruhunu inkişaf etdirmək olub.
Ümumilikdə, 85 məktəbli 17 komandada qalibiyyət uğrunda mübarizə aparıb. Məktəblilər Azərbaycan Respublikasının Konstitusiyası, dövlət rəmzləri, hüquq sistemi, vətəndaş hüquq və vəzifələri, suverenlik və müstəqillik tarixi barədə suallara cavab veriblər. Eyni zamanda, Konstitusiyanın onlara verdiyi hüquq və azadlıqlar, dövlətin əsas qanunları və suverenliyin mahiyyəti barədə ətraflı məlumat əldə ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışda qalib gələn komandalar mükafatlandırılıblar.