CƏMİYYƏT
Daun sindromlu uşaqlarla görüş keçirilib
Bakı, 29 may, AZƏRTAC
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində ombudsman Elmira Süleymanova “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə baş çəkib və uşaqlarla görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin sədri Sevinc Abdullayeva ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, rəhbərlik etdiyi təşkilata daim göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna, habelə buradakı uşaqların hüquqlarını daim diqqətdə saxladığına və mütəmadi şəkildə bu müəssisəyə baş çəkdiyinə görə ombudsmana minnətdarlığını bildirib.
Müvəkkil Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iştirakçıları təbrik edərək xoş arzularını bildirib. O, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını qeyd edərək, respublikamızda insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının təmin edildiyini diqqətə çatdırıb.
Ombudsman uşaq hüquqlarının, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirib. Adıçəkilən ictimai birliyin və onun strukturuna daxil olan reabilitasiya mərkəzlərinin ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılması, yeni avadanlıqlarla təmin olunması və müasir tərzdə fəaliyyət göstərməsi yüksək dəyərləndirilib.
Müvəkkil daun sindromlu şəxslərin reabilitasiya otaqlarına, rəsm dərnəyi, əl işləri, tikiş, xalçaçılıq, dil və digər kursların yerləşdiyi otaqlara, fənn kabinetlərinə, idman zalına və istirahət guşəsinə baxıb, uşaqlarla və müəllimlərlə görüşüb, mərkəzin işi ilə tanış olub.