“Davam" - Haqverdiyevlərin sənət dünyası
Bakı, 24 oktyabr, AZƏRTAC
Bu gün görkəmli fırça ustası Həsən Haqverdiyevin sənət dünyasının işığına toplaşmışıq. O, Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən bir kimi təsviri sənət dünyamızın zənginləşməsi, inkişafı naminə yorulmadan fəaliyyət göstərib. Bu gün həm də Həsən Haqverdiyevin iştirakı ilə açılan son sərgidən 50 il ötür. Olduqca çətin, lakin şərəfli bir həyat yolu keçən Həsən Haqverdiyev cəmi 53 il ömür sürməsinə baxmayaraq bənzərsiz sənət inciləri yarada bilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 24-də Muzey Mərkəzində görkəmli rəssamı Həsən Haqverdiyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Davam" adlı sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, sərgidə Həsən Haqverdiyevin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından, ailə və digər şəxsi kolleksiyalardan seçilmiş əsərləri ilə yanaşı, böyük sənətkarın yaradıcılıq yolunu davam etdirən, Haqverdiyevlər ailəsindən olan Əli, Hüseyn, Saida, Ucal, Yelena, Butunay, Sabina və Fərhadın yaradıcılığına aid əsərlər də nümayiş olunacaq.
Tədbirdə Xalq rəssamları Fərhad Xəlilov, Ömər Eldarov və Cəmil Müfidzadə çıxış edərək H.Haqverdiyevin sənət dünyasından geniş söz açıblar. Həsən Haqverdiyev yaradıcılığını yüksək qiymətləndirən natiqlər bildiriblər ki, o, 1933-cü ildə ilk dəfə Azərbaycan rəssamlarının respublika sərgisində iştirak edib. Bu sərgidə rəssamın “Gitara çalan oğlan”, “Qoca portreti”, “İçərişəhər motivləri” adlı etüdləri nümayiş olunub.
Vurğulanıb ki, Həsən Haqverdiyev qrafika sahəsində də fəaliyyət göstərib. O, 1959-cu ildə çəkdiyi “Ölkəyə 600 min ton pambıq verək” adlı plakatına görə Kiyevdə keçirilən Ümumittifaq siyası plakat sərgisində üçüncü dərəcəli diplomla mükafatlandırılıb.
Həsən Haqverdiyevin yaradıcılığında teatr-dekorativ sənətin xüsusi yer tutduğunu söylən Xalq rəssamları deyiblər ki, o, “Azərbaycan”, “Ulduz”, “Təşviqatçı”, “Azərbaycan qadını”, “Pioner” və “Göyərçin” jurnallarının bədii tərtibində yaxından iştirak edib. Həsən Haqverdiyev Azərbaycan qrafikasında dostluq şarjı janrının əsas nümayəndələrindən biri kimi tanınıb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova atasının xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirərək xoş xatirələrini bölüşüb.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərgidə Həsən Haqverdiyevin “Balaca çoban”, “Çoban qız”, “Dağ yolu”, “Yaylaqda”, Azərbaycan qadınına həsr etdiyi “Oyanma”, uşaq aləmi, psixologiyası ilə bağlı “Balaca rəssam”, “İlk söz” kimi tablo və mənzərələri böyük maraqla qarşılanıb. Görkəmli fırça ustasının yaratdığı portretlər də diqqətdən yayınmayıb. Rəssamın yaratdığı portretlər qalereyasına Qara Qarayev, M.İbrahimov, Niyazi, S.Rüstəm, F.Əbdürrəhmanov, M.Abdullayev, T.Salahov, S.Bəhlulzadənin obrazları daxildir.
Sərgi oktyabrın 28-dək davam edəcək.