Daxili İşlər Nazirliyi yanında İctimai şuraya seçki keçirilib
Bakı, 8 iyun, AZƏRTAC
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 2021-ci il 3 və 7 iyun tarixlərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai şuraya seçki keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə daxili işlər nazirinin müavini İsmət Əliyev iştirak edib.
Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 40 nəfərin namizədliyi təsdiqlənib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş məhdudiyyətlər və tələblər nəzərə alınaraq keçirilən seçkidə seçici kimi vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 249 təmsilçidən 222-si iştirak edib.
Şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq, Daxili İşlər Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət tərkibi seçilib.