Dəhşətli faciə xalqımızın qan yaddaşında həmişə yaşamalı və unudulmamalıdır
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimin əvvəlində Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Əsaslı Kitabxananın direktoru Ziyafət Eminova erməni şovinistlərinin müxtəlif vaxtlarda xalqımıza qarşı soyqırımı törətdiyini söyləyərək Xocalı qətliamını XX əsrin ən böyük faciəsi adlandırıb.
O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror dəstələrinin və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlının, o cümlədən 63 uşaq, 106 qadının öldürüldüyünü, 8 ailənin bütünlüklə məhv edildiyini xatırladıb. Mərhum jurnalist Çingiz Mustafayevin həyatını təhlükəyə ataraq çəkdiyi kadrların bütün dünyaya yayılmasına, BMT kimi mötəbər bir təşkilatın 4 qətnamə qəbul etməsinə baxmayaraq beynəlxalq ictimaiyyətin Ermənistana hələ də güclü təzyiq göstərmədiyini təəssüflə qeyd edib.
Direktor müavini Gülbehişt Orucova və kitabxananın əməkdaşı, qocaman jurnalist Əsgər Əsgərov Xocalı soyqırımının səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması üçün görülən işlər barədə danışıblar. Onlar qeyd ediblər ki, bu dəhşətli faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməliyik.
Kitabxananın foyesində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar açılan sərgidə qanlı faciəyə həsr olunmuş fotoşəkillər, kitablar və qəzet-jurnal materialları nümayiş etdirilib.