Dendrologiya İnstitutunun alimləri şagirdlərə dərs keçiblər
Bakı, 27 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun alimləri biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov və dosent Dilruba Əliyeva Azərbaycan elminin təhsilə inteqrasiyası layihəsi çərçivəsində 181 nömrəli məktəbin şagirdləri ilə görüş keçiriblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimlər şagirdlərə “Qan damarlarını bərpa edən fitomaddələr və faydalı bitkilər” mövzusunda dərs keçiblər. Şagirdlərə qan-damar sistemi haqqında geniş məlumat verilib.
Ramiz Ələkbərov xalq təbabətində istifadə olunan dərman bitkilərinin köməyilə müxtəlif səbəblərdən tutulmuş damarların açılması yollarından bəhs edib. Damar tutulmalarının yaranması və inkişafı səbəbləri, xəstəliyin ənənəvi və xalq təbabəti metodları vasitəsilə müalicəsi ətraflı şəkildə şərh olunub.
Nümunəvi dərs məktəb rəhbərliyi tərəfindən izlənilib.
Qeyd edək ki, Dendrologiya İnstitutu əməkdaşlarının həmmüəllifi olduqları “Qan damarlarını bərpa edən fitomaddələr və faydalı bitkilər” kitabı 2023-cü ildə işıq üzü görüb.