Deputat: Azərbaycan Prezidentinin Milli Məclisdə çıxışı bizim üçün yol xəritəsidir
Bakı, 24 sentyabr, AZƏRTAC
Yeddinci çağırış Milli Məclis öz işinə başladı. Bu, müstəqil ölkəmizin tarixində ilk dəfə bütün ərazilərimizdə keçirilən seçkilərin nəticəsində formalaşan parlament kimi tarixə düşdü. Prezident İlham Əliyev ənənəyə uyğun olaraq, Milli Məclisin ilk iclasında çıxış etdi. Dövlətimizin başçısının dərinməzmunlu çıxışı həm deputatlar, həm də bütövlükdə hər bir Azərbaycan vətəndaşı üçün yol xəritəsidir. Dövlətimizin başçısının bəyan etdiyi kimi, bir il əvvəl şanlı Ordumuzun uğurla reallaşdırdığı antiterror əməliyyatları nəticəsində suverenliyimizin bərpasından sonra artıq yeni mərhələ başlayıb. Bu yeni mərhələdə qarşımızda yeni vəzifələr durur. İlk növbədə, bizə qarşı əsassız, ikili standartlar əsasında qurulmuş ittihamlar bizim iradəmizə heç cür təsir edə bilməz. Bununla belə bu cür ittihamlar cavabsız qalmamalı, bu prosesdə biz parlamentarilər də beynəlxalq platformalarda fəaliyyətimizi davam etdirməliyik. Eyni zamanda, ölkəmizin qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva səsləndirib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin verdiyi əsas mesajlardan biri bu idi ki, Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, qəbul etdikləri qərar, qətnamə, açıqlamaları baxımından bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayırlar. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur.
“Hərbi gücün artırılması, sərhədlərimizin qorunması qarşıdakı illərdə də əsas prioritetlərdən biridir. Növbəti önəmli vəzifə sərhədlərimizin qorunması ilə bağlıdır.
Dövlətimizin başçısının diqqət çəkdiyi vacib məsələlərdən biri ideoloji təhlükəsizliklə bağlı idi. Ölkəmizə qarşı ideoloji təxribatların davam etdiyi bir vaxtda bizə qarşı aparılan çirkin oyunların ifşası bundan sonra da davam etməlidir. Bu məsələdə hər kəs öz sahəsində əlindən gələni əsirgəməməlidir. Çünki müharibə başa çatsa da informasiya cəbhəsində mübarizə heç vaxt bitmir. Bu mənada ideoloji təxribatları neytrallaşdırmaq əsas vəzifələrdən biridir. Əminliklə söyləmək olar ki, yeni dövrün parlamenti dövlətçilik prinsiplərini, milli maraqları rəhbər tutaraq qarşıda duran vəzifələrin icrasında daha fəal olacaq və nümunə sərgiləyəcək.