DÜNYA
“Deutsche Bank” nüfuzunu itirməyə başlayıb
Berlin, 9 yanvar, AZƏRTAC
Almaniyanın “Deutsche Bank” bankı onunla ABŞ arasında yaranmış fikir ayrılıqlarını məhkəməyəqədər mərhələdə nizama salmaq üçün bu ölkənin xəzinəsinə təqribən 120 milyon dollar cərimə ödəməyə hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bankın rəhbərlərinin sözlərinə görə, yaxın vaxtlarda okeanın o tayındakı iddiaçı ilə müvafiq müqavilə bağlanacaq.
Yeni işgüzar münasibətlərin yaranmasında rüşvətxorluğa qarşı mübarizəyə dair qanunun pozulması barədə Amerika hakimiyyət orqanları tərəfindən banka ünvanlanmış ittihamlar yaxın vaxtlarda meydana çıxıb. Bu barədə həm ABŞ-da, həm də AFR-də aparıcı KİV-lərdə silsilə materiallar dərc olunub. Almaniyanın ən iri bankı olan “Deutsche Bank” dəfələrlə çirkli pulların yuyulmasında və beynəlxalq sanksiyaların pozulmasında ittiham edilib.
Bildirilir ki, 2019-cu ildə “Deutsche Bank” onun müxtəlif dövlətlər arasında biznes əməliyyatlarının nizamlanmasında özünə preferensial münasibət qazanmaq məqsədilə korrupsiya sxemlərindən istifadə etməsinə dair ittihamlar barədə hay-küy qopmaması üçün adı çəkilməyən bir amerikalı benefisiara 16 milyon dollar ödəyib. Bundan əlavə, siyasi əlaqələri olan şəxslərə bahalı hədiyyələr və milyonlarla dollar vermək yolu ilə özünün nüfuzunu qaldırmağa çalışan bank müxtəlif ölkələrdə öz xeyrinə müəyyən məbləğin geri qaytarılması şərti ilə sərfəli sazişlər bağlayırmış.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin