Dəyirmi masa: insan hüquqlarının və azadlıqlarının qorunması dövlətin ali məqsədidir
Beyləqan, 28 may, AZƏRTAC
Xocavəndli məsburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması dövlətin ali məqsədidir" mövzusunda dəyirmi masa keçirilib. Xocavənd Rayon İcra Hakimiyyətinin Polis Şöbəsi ilə birgə təşkil etdiyi tədbir İnsan Hüquqları Aylığına həsr olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mədəniyyət evində keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, təhsil və mədəniyyət işçiləri, məktəblilər iştirak ediblər. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 18-i respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları Aylığı keçirilir. Aylığın keçirilməsində məqsəd insan hüquqları sahəsində ötən dövrdə əldə edilmiş nailiyyətləri diqqətə çatdırmaq, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi Xəyyam Mirhüseyinov iştirakçılara əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında ətraflı məlumat verib, bu sahədə qazanılan uğurlardan və hazırda aparılan islahatlardan bəhs edib.
Salakətin kənd tam orta məktəbin tarix müəllimi Telli Alıyeva, gənclər və idman idarəsinin rəisi Aslan Quliyev insan hüquqlarının tarixindən, Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlərdən, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalardan danışıblar.
Tədbir mövzu ətrafında diskussiya ilə davam etdirilib.