DİABETLİ XƏSTƏLƏR DƏ ORUC TUTA BİLƏRLƏR
Şəkərli diabetə tutulmuş müsəlmanların sağlamlığını nəzarətdə saxlayan Hollandiya həkimləri onlara Ramazan ayında öz sağlamlığına diqqət yetirməyi məsləhət görürlər. Amsterdamdakı “Slotervaart” klinikasının həkimləri belə xəstələrə şəkərli diabetlə bağlı məsləhətlər verirlər.
Hazırda klinikada şəkərli diabetə tutulmuş 1.400-dən çox müsəlman müşahidə altındadır. Həkim Fatimə Malkinin dediyinə görə, orucluq müddətində müalicəni necə davam etdirmək barədə məsləhət almaq üçün Ramazan ayı ərəfəsində klinikaya müraciət edənlərin sayı artır. Həkimlər çox vaxt oruc tutmaqdan imtina etməyi məsləhət görürlər. Çünki diabetin bəzi formalarında aclıq ciddi problemlər yarada, bəzən də ölümlə nəticələnə bilər. Oruc tutmaq iqtidarında olan xəstələrə isə yeməyin keyfiyyətinə və tərkibinə diqqət yetirmək, iftar süfrəsini bir neçə mərhələyə bölmək, heç bir halda yeməkdən dərhal sonra yatmamaq, imsak və iftardan sonra hərəkət etmək məsləhət görülür. Belə xəstələr üçün ən yaxşı “dərman” yeməkdən sonra gəzintiyə çıxmaqdır.