Dikalu Muzakayev: Naxçıvana gələn hər qonaq yenidən buraya səyahət etmək istəyir
Naxçıvan, 31 yanvar, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan torpağı çox möhtəşəm, əzəmətli və böyük tarixə malik olan, qədim folklor nümunələrinin yaşadıldığı bir diyardır. Əgər maraqlı qış lövhələri, möhtəşəm tarixi abidələr, qədim folklor nümunələri görmək istəyirsinizsə, Naxçıvana səyahət edin.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiya Federasiyasının Xalq Artisti, tanınmış xoreoqraf Dikalu Muzakayev deyib.
Ötən həftə muxtar respublikada səfərdə olan Dikalu Muzakayev təəssüratları barədə danışarkən bildirib ki, Naxçıvanın mədəniyyət kollektivləri ilə tanışlıq məndə yüksək təəssürat yaradıb. Şərurdakı folklor kollektivi ilə tanışlıq da çox maraqlı olub.
O deyib: “Muxtar respublikanın özünəməxsus musiqi mədəniyyəti var. Qədim sivilizasiyanın beşiyi olan Naxçıvan çox maraqlı bir məkandır. Buranın insanları mehriban, qonaqpərvər, gülərüzdürlər. Naxçıvan şəhərini gəzərkən bunun bir daha şahidi oldum. Muxtar respublikanın təbiəti də çox zəngindir. Heydər Əliyev Muzeyinə, Naxçıvanqalaya ziyarətim məndə xoş təəssüratlar yaratdı. Möcüzəli yerlər olan Duzdağda və Əlincəqalada oldum. Bütün bunlar Naxçıvanı cazibə mərkəzinə çevirir. Muxtar respublika böyük turizm potensialına malikdir”.
Naxçıvanda turistlərin təhlükəsizliyi, rahatlığı üçün hər cür şəraitin yaradıldığını vurğulayan tanınmış xoreoqraf muxtar respublikanın tarixi abidələri, mədəniyyəti, füsunkar təbiəti ilə yanaşı, burada müasir xidmət səviyyəsinin də kifayət qədər yüksək olduğunu qeyd edib. Onun sözlərinə görə, bu səbəbdən muxtar respublikaya gələn hər qonaq yenidən buraya səyahət etmək istəyir.
“Bir çox mədəniyyətlərin kəsişdiyi yerdə region ölkələrinə Azərbaycanın milli mədəniyyətinin tanıdılması baxımından Naxçıvanın mövqeyi əvəzolunmazdır”, - deyə Dikalu Muzakayev bildirib.