Dilbaz atlar ən qədim at cinslərindən sayılır
Ağstafa, 25 iyun, AZƏRTAC
Azərbaycanda Dilbaz atları ən qədim at cinslərindən sayılır. Bu atlar həm sürətli qaçmasına, həm də yük götürmə qabiliyyətinə görə digər həmcinslərindən fərqlənir. Dilbaz atları həmçinin soyuq hava şəraitinə də dözümlülüyü ilə seçilir. Hazırda bu atların xüsusi qayğı və müasir tələblərə cavab verən şəraitdə bəslənərək nəsli artırılır.
Ağstafa atçılıq təsərrüfatının direktoru Səlimxan Gülalıyev AZƏRAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, dünyada mövcud 67 at cinsindən ikisi Azərbaycanda yetişdirilir. Bunlar Qarabağ və Dilbaz atlarıdır. Qazaxın məşhur Dilbaz atları idmanda, minikdə, yükdə və yüngül qoşquda geniş istifadə olunur. Dözümlülüyü və dağlıq şəraitində minik üçün möhkəm olması ilə səciyyələnir. Dilbazlar nəslinin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərib və indi bu atlar onların adı ilə bağlıdır. Dilbaz atlarını digər atlardan fərqləndirən üstün cəhət isə onların burun pərlərinin bir qədər geniş olmasıdır. Bunun nəticəsində isə dilbaz atları qaçarkən havanı yaxşı yara bilir.
Dilbaz atlarının güclü olması cıdırda da özünü göstərməkdədir. Bakı ippodromunda 1940-2000-ci illərdə keçirilən yarışlarda Dilbaz atları daim yüksək yerlər tutublar. 1962-1990-cı illərdə Dilbaz atları ümumittifaq yarışlarında 39 dəfə iştirak edib və səkkiz dəfə birinci yerə layiq görülüb, 36 dəfə isə müxtəlif attestatlar alıb. Bu ənənə bu gün də uğurla davam etdirilməkdədir. Təsərrüfat sahibi hesab edir ki, bölgədə atçılığın inkişaf etdirilməsi gələcəkdə bu ərazilərə turistlərin gəlməsində böyük rol oynaya bilər.
Dilbaz atları üçün Ağstafa rayonunun Sadıxlı kəndində inşa edilən kompleksdə hər biri 86 başlıq iki tövlə, 100 tonluq yem anbarı, çoban evi yüksək səviyyədə tikilərək istifadəyə verilib. Qeyd edək ki, Dilbaz atları saatda 7-8 km yol qət edə bilir. Bu at cinsi bir gündə 115-130 kiloqram yük götürmək və 45-55 kilometr yol qət etmək bacarığına malikdir. İlxı halında saxlanan bu atlar havalar isindikdən sonra Ceyrançölündə ayrılan münbit otlaq sahəsində bəslənir. Bu at cinsinin qorunması və inkişafı vacib məsələlərdən biridir, çünki onlar Azərbaycanın milli sərvətidir.