Lənkəranda avtomobil 58 yaşlı qadını vurub, vəziyyəti ağırdır VİDEO
Lənkəran, 2 iyun, AZƏRTAC
Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza gecə saatlarında köhnə Ələt–Astara magistral avtomobil yolunun 206-cı kilometrliyində, rayonun Aşağı Nüvədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Gərmətük qəsəbə sakini, 1980-ci il təvəllüdlü İslam Məhərrəməli oğlu Əkbərovun idarə etdiyi "Fiat" markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada – Aşağı Nüvədi kənd sakini, 1968-ci il təvəllüdlü Ağgül Təyyar qızı Bağırovanı vurub.
Qəza nəticəsində ağır xəsarətlər alan piyada sürücü tərəfindən dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı müvafiq tədbirlər görülür.
Müxbir- İlkin Adıyev