ELM VƏ TƏHSİL
Dilçilik İnstitutunun əməkdaşı BMT-də Azərbaycanı təmsil edib
Bakı, 27 oktyabr, AZƏRTAC
Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, UNESCO-nun Fransada fəaliyyət göstərən Gənclər platformasının Azərbaycan təmsilçisi Vəfa Abdullayeva-Nəbiyeva BMT-nin Roma iqamətgahı FAO-da keçirilmiş “World Food Forum”da akademik heyətin üzvü kimi Azərbaycan Respublikasını və AMEA-nı təmsil edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Hibrid forum elm, təhsil, innovasiya, iqlim dəyişikliyi, qida təhlükəsizliyi, gənclərin fəaliyyəti, SDG, COP layihələri üzrə qlobal əməkdaşlıq məsələləri, problemlər və onların həll yollarına həsr olunub. Tədbirdə İtaliya, İrlandiya, BƏƏ, İraq, CAR ölkələrinin prezidentləri, Lesoto kralı, İordaniyanın şahzadəsi, Tanzaniyanın Baş naziri olmaqla bütün ölkə rəsmiləri, eləcə də səfirlər iştirak edib. Vəfa Abdullayeva-Nəbiyeva “Elm və təhsil” panelində “Youth Assemly” plenar iclaslarında gənclərin qlobal layihələrdə iştirakı və gənclər platformasında əməkdaşlığı barədə çıxış edib, SDG və COP layihələri üzrə fəaliyyət istiqamətlərini müzakirə edib.
Həm FAO-da, həm də onlayn platformalarda yayımlanan bu forum 5 gün ərzində 1 milyard izlənmə ilə son illərin ən böyük auditoriyasina malik tədbir olaraq da yadda qalıb.