ELM VƏ TƏHSİL
DİM: Müxtəlif imtahanların məzmun və qaydalarında təkmilləşdirmələr aparılıb
Bakı, 9 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti dövründə buraxılış, qəbul, eləcə də digər müxtəlif təyinatlı imtahanların məzmununda, qəbul proqramları və qaydalarında dəyişiklik edilib, müəyyən təkmilləşdirmələr aparılıb. Eyni zamanda, DİM tərəfindən yeni növ imtahanlar keçirilməyə, vətəndaşlara yeni növ xidmətlərin göstərilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin DİM-in yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində yer alıb.
Məqalədə qeyd olunub ki, 2016-2019-cu illərdə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə və ali təhsil müəssisələrinə qəbul imtahanı üçün müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğun yeni proqram, imtahan modelləri hazırlanıb. 2017-ci ildə ilk dəfə olaraq ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı yeni proqram və model əsasında keçirilib.
Abituriyentlərə cari tədris ili çərçivəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etmək şansı verilib. Hər iki imtahanda iştirak edən abituriyentə müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özünün müəyyənləşdirməsi imkanı yaradılıb.
Bu ildən buraxılış və qəbul imtahanları üçün qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması ilə bağlı Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə hazırlıq kursları təşkil edilir. Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər. Bu müddət ərzində 202 kurs: Bakıda 63, bölgələrdə 139 və onlayn - “Zoom” platforması üzərindən isə 18 hazırlıq kursu təşkil olunub. Kursu müvəffəqiyyətlə keçmiş 2082 (Bakı üzrə 1513, bölgələr üzrə 569) nəfər sertifikat alıb. Onların şəxsi məlumatları “Elektron məlumat bazası”na daxil edilib. Həmin şəxslər imtahan materiallarının yoxlanılmasına marker kimi cəlb olunurlar.
Vətəndaşların müraciətlərinin daha da operativ cavablandırılması üçün 1653 Çağrı mərkəzi fəaliyyətə başlayıb.
Xatırladaq ki, 2018-ci ildə abituriyentlərə, eyni zamanda, həm I-IV qruplardan hər hansı birinin (və ya ikisinin) ixtisasları üzrə, həm də V qrupun ixtisasları üzrə müsabiqədə iştirak etmək imkanı yaradılıb.