Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müxtəlif dini konfessiyaların rəhbərləri, dini icmaların sədrləri, ilahiyyatçılar və dindarların iştirakı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibəti ilə “20 Yanvar: milli-mənəvi dəyərlərin zəfəri” mövzusunda anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açan DQİDK-nın sədri Elşad İskəndərov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin müstəqilliyimizə doğru aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsi olduğunu demişdir.
E.İskəndərov günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verən ulu öndər Heydər Əliyevin hadisəni ört-basdır etmək istəyən imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə qarşı çıxaraq xalqımızın haqq səsini uca səslə bəyan etməsinə toxunaraq informasiya blokadasının olduğu bir vaxtda bunu misilsiz bir addım kimi qiymətləndirmişdir. Vurğulanmışdır ki, həmin vaxt xalq sanki yetim qalmışdı. Hamı, hətta SSRİ-də baş verənləri tez bir şəkildə işıqlandıran xarici KİV-lər də susurdu. Məhz belə bir vaxtda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənəvi ağsaqqallıq missiyasını yerinə yetirərək Moskvada Azərbaycanın haqq səsini ucaltdı. Bu, digər tərəfdən informasiya blokadasının yarılması idi. Çünki Ümummilli Liderin nüfuzu sayəsində müxtəlif SSRİ və müxtəlif ölkələrin KİV nümayəndələri bu bəyanatı işıqlandırdılar.
Komitə sədri zaman-zaman bu cür faciələrlə üz-üzə qalan Azərbaycanın bütün sınaqlardan uğurla çıxmağını və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada öz sözünü deyən ölkələr siyahısına daxil olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə “20 Yanvar” Cəmiyyətinin sədri Soltan Əzimzadə, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein, Azərbaycanın Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadi Zelmanoviç və başqaları çıxış etmişlər. Natiqlər insanlığa qarşı həyata keçirilən bu terrorun qəbuledilməz olduğunu vurğulayaraq bu günədək cinayətkarların cəzasız qalmasından təəssüfləndiklərini ifadə etmiş, milli-dini azlıqların hər zaman xalqımızla birgə olduğunu vurğulamışlar.
Bildirilmişdir ki, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.