Diplomatik xidmət orqanlarının 100 illik yubileyi qeyd olunub
Naxçıvan, 27 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Azərbaycan Respublikasının xarici siyasət prioritetləri və beynəlxalq uğurları” mövzusunda konfrans keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, konfransda çıxış edən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq bir dövrdə digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, 1920-ci il Paris Sülh Konfransında Azərbaycanın de-fakto tanınmasına nail olunduğunu bildirib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qalıb, özünü cümhuriyyətin siyasi və mənəvi varisi elan edib. Rektor cümhuriyyətin yaranmasının 101-ci ildönümü, diplomatik xidmət orqanlarının 100 illiyi münasibəti ilə konfrans iştirakçılarını təbrik edib, ölkəmizin beynəlxalq aləmdə qazandığı diplomatik uğurlardan söz açıb.
“Azərbaycan Respublikası diplomatik xidmət orqanları 100 ildə” adlı çıxışında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü ilə 2005-ci ilin 31 oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması haqqında Fərman imzalayıb. İdarənin yaradılmasının məqsədi Azərbaycan Respublikasının vahid xarici siyasi xəttinin, Xarici İşlər Nazirliyinin müvafiq vəzifə və funksiyalarının Naxçıvan Muxtar Respublikasında fasiləsiz və ardıcıl həyata keçirilməsini, eləcə də muxtar respublikanın iqtisadi, ticarət, elmi-texniki və mədəni münasibətlərinin genişlənməsini təmin etməkdir. Hazırda muxtar respublikada bu istiqamətdə işlər uğurla aparılır.
Vüsal Ələkbərli bildirib ki, Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən NDU-nun Beynəlxalq münasibətlər ixtisası idarənin hamiliyinə verilib. Ötən dövrdə idarə həmin ixtisasda təhsil alan tələbələrin nəzəri biliklərinin və təcrübələrinin artırılmasını diqqət mərkəzində saxlayıb, idarə əməkdaşları tərəfindən konsulluq xidməti, dünya siyasəti, diplomatik protokol və yazışmalar, Qloballaşma və miqrasiya fənlərinin tədrisi təmin edilib. Yeddi həftəlik istehsalat təcrübəsinə göndərilən tələbələrin nəzəri bilikləri yoxlanılıb, təkmilləşdirilməyə ehtiyac duyulan mövzular müəyyənləşdirilib və təsdiqlənmiş plan çərçivəsində onlara brifinqlər verilib. Həmçinin Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində fəaliyyət göstərmiş əməkdaşlarla tələbələrin görüşləri təşkil olunub, onlar şöbələrin iş prosesinə cəlb ediliblər. Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, eləcə də digər xarici nümayəndələr muxtar respublikada səfərdə olduqları zaman onların universitetdə tələbələrlə görüşlərinin keçirilməsi təşkil edilib. Belə ki, 2015-2019-cu illərdə 48 diplomat və ya xarici nümayəndənin universitetdə görüş və mühazirələri keçirilib.
Universitetin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Azərbaycan Respublikasının xarici siyasəti onun uğur və inkişaf yoludur”, İdarənin Siyasi məsələlər şöbəsinin müdiri Nadir Cəfərovun “Azərbaycanın xarici siyasəti və Naxçıvan”, həmin şöbənin əməkdaşı Mina İmanovanın isə “Xarici siyasətin iqtisadi və humanitar aspektləri” mövzusunda çıxışları dinlənilib.